Az | EN

Yandex süni intellektlə işləyən diktofon təqdim edib

Cəmil Hüseynzadə
30 Oktyabr 2025 16:29
33 baxış
Yandex süni intellektlə işləyən diktofon təqdim edib

“Yandex” şirkəti biznes seqmenti üçün nəzərdə tutulan süni intellektli diktofon təqdim edib. Qurğunun satışa çıxarılması 2026-cı ilin ilk yarısında planlaşdırılır.

Yeni cihaz “Alisa Pro” köməkçisi ilə təchiz olunub və iclasları, mühazirələri və görüşləri yazmaq, mətni avtomatik şəkildə deşifrə etmək və əsas məqamları seçmək kimi funksiyaları yerinə yetirir. İstifadəçilər diktofonu, məsələn, beyc üzərində daşıya biləcəklər.

Məlumatların təhlükəsizliyi üçün diktofon aparat səviyyəsində şifrələmə ilə qorunacaq, şifrələmə açarı isə istifadəçinin smartfonunda saxlanacaq. Şirkətin məlumatına görə, cihazın batareyası 80 saata qədər fasiləsiz səs yazısı imkanı verir.

Diktofonun korpusunun ölçüsü plastik kart boydadır və alüminiumdan hazırlanıb. Arxa hissəsində yazını başlatmaq və dayandırmaq üçün düymə, yan hissəsində isə vacib anları qeyd etmək və süni intellekt köməkçisinə komanda vermək üçün əlavə düymə yerləşdirilib.

Yeni cihazın istehsalını “Yandex Fabrika” həyata keçirəcək. Şirkət hələlik qurğunun qiyməti və digər texniki detalları barədə məlumat paylaşmayıb.

Qeyd edək ki, “Yandex” 2025-ci ilin oktyabrında süni intellektli “Alisa AI” ilə işləyən geyilə bilən cihazlar seriyasını da anons edib. İlk cihazlar arasında qulaqlıqlar yer alır — istifadəçilər bu qulaqlıqlar vasitəsilə fikirlərini səsli şəkildə yazdırmaq, AI köməkçisi ilə planlama aparmaq, masa bron etmək və ya xidmətlərə yazılmaq imkanına malik olacaqlar.

Mənbələr bildirir ki, şirkət gələcəkdə həmçinin “ağıllı” saat, qolbaq və üzük modellərinin istehsalını da nəzərdən keçirir.

© copyright 2022 | tech.az | info@tech.az