Az | EN

Yeni iPhone 17-də ciddi xətalar aşkarlanıb

Nigar Sultanli
16 Sentyabr 2025 13:54
29 baxış
Yeni iPhone 17-də ciddi xətalar aşkarlanıb

Avropa İttifaqında keçirilən yeni sınaqlar Apple-ın ən son modeli olan iPhone 17 seriyasının gözlənilməz bir zəifliyini üzə çıxardı. Batareya sahəsində əhəmiyyətli irəliləyişlərə baxmayaraq, yeni iPhone düşməyə qarşı rəqiblərdən daha az dözümlü oldu.

Yeni Avropa standartlarına görə, smartfonlar möhkəmlik və təmir olunma dərəcəsinə görə siniflərə ayrılır. Aparılan testlərdə iPhone 17 Pro Max modeli “B sinfi” reytinqi alıb. Bu, telefonun təxminən 180 dəfə düşməyə tab gətirə biləcəyini göstərir. Bu göstərici əvvəlki iPhone 16 Pro Max modelindən (90 dəfə, “C sinfi”) iki dəfə yaxşı olsa da, hələ də rəqiblərdən geri qalır.

Müqayisə üçün, Samsung Galaxy S25 Ultra və Google Pixel 10 Pro XL kimi flaqmanlar ən yüksək “A sinfi” reytinqini qazanaraq 270 dəfə düşməyə dözə bilib. Bu isə o deməkdir ki, gündəlik istifadədə iPhone 17 daha asan zədələnə bilər. Hətta nazik korpuslu iPhone Air də eyni nəticəni göstərib – “B sinfi” (180 dəfə düşmə).

Telefonun təmir olunma qabiliyyətinə gəlincə, iPhone 17 bu sahədə də öncül deyil. O, “C sinfi” alıb ki, bu da Samsung ilə eyni səviyyədə olsa da, Pixel-dən (“B sinfi”) zəifdir.

Bununla belə, iPhone 17 Pro Max batareya testlərində özünü əla göstərib. Enerji səmərəliliyinə görə “A sinfi” alaraq, 53 saatlıq iş müddəti ilə rəqiblərini geridə qoyub. Lakin bir vacib məqam var: iPhone-un batareyası cəmi 1000 doldurma dövrünə hesablanıb. Bu, Samsung-un 2000-ə qədər dövrə davamlı olan batareyasından iki dəfə daha qısa ömür deməkdir.

Qeyd etmək lazımdır ki, Apple şirkəti bu test metodikasını sərt şəkildə tənqid edir. Şirkət düşmə testlərinin nəticələrinin sabit olmadığını və cəmi beş cihaz üzərində aparılan sınaqların obyektiv qiymətləndirmə üçün yetərli olmadığını iddia edir. Apple-ın özü minimum 30 cihaz üzərində testlərin aparılmasını tələb edir.

© copyright 2022 | tech.az | info@tech.az