YouTube birbaşa ixtisarlar əvəzinə kompensasiya qarşılığında könüllü işdən çıxma proqramı başladıb. Proqram işçilərə şirkətdən ayrılaraq “yeni imkanlar və çağırışlar axtarmaq” üçün dəstək məqsədi daşıyır.
Bu təşəbbüs Google-un — YouTube-un ana şirkətinin — 2025-ci ilin əvvəlindən tətbiq etdiyi proqramın davamıdır. Qeyd edək ki, aprel ayında Google Android və Pixel bölmələrində yüzlərlə əməkdaşla yollarını ayırmışdı.
Business Insider-in məlumatına görə, YouTube-da təklif olunan kompensasiyanın dəqiq məbləği açıqlanmasa da, proqram könüllü olaraq işdən ayrılmaq istəyən əməkdaşlara təqdim ediləcək.
Bununla yanaşı, şirkət daxili restrukturizasiya apararaq fəaliyyətini üç əsas komandaya böləcək:
Abunə məhsulları komandası – ödənişli xidmətlərə cavabdeh olacaq,
İzləyici məhsulları komandası – platformadakı baxış təcrübəsini inkişaf etdirəcək,
Müəllif məhsulları komandası – kontent yaradıcıları ilə işə fokuslanacaq.
YouTube-un rəhbəri Nil Moxan bu dəyişiklikləri şirkətin “süni intellektə əsaslanan gələcəyə uyğunlaşması” istiqamətində atılan addım kimi dəyərləndirib.
