Az | EN

YouTube-un CEO-su Suzan Vojsiski istefa verib

Bənövşə Kazımova
17 Fevral 2023 11:13
429 baxış
YouTube-un CEO-su Suzan Vojsiski istefa verib

Sosial media platforması YouTube-un baş direktoru Suzan Vojsiskinin 9 ildən sonra istefa verdiyi bildirilir. Bu barədə Susan Vojsiski işçilərinə elektron məktub göndərərək istefa verdiyini açıqlayıb.

Google-un ilk işçilərindən olan 54 yaşlı Vojsiskini köməkçisi Neal Mohan ilə əvəzləyəcəyi açıqlanıb. Onun istefasının YouTube-un reklam gəlirlərinin azalmasından sonra gəlməsi diqqət çəkib. Bununla belə, Vojsiski ailə və sağlamlıq sektorlarındakı layihələrə diqqət yetirəcəyini və Google-un ana şirkəti Alphabet-də məsləhətçi olaraq çalışacağını söyləyib.

Əvvəllər Google-da reklam məhsulları üzrə baş vitse-prezident olan Vojsiski 2014-cü ildə YouTube-un baş direktoru olub. Bildirək ki, baş direktor dəyişikliyi Google səhmlərinin ucuzlaşmasına səbəb olub.

Neal Mohan kimdir?

Neal Mohan onlayn video paylaşma platforması və Alphabet Inc-in törəmə şirkəti olan YouTube-da baş məhsul direktoru, həmçinin Vojsiskinin müavini olub. Bundan əlavə, 2008-ci ilin martından 2015-ci ilin noyabrına qədər Google-un Ekran və Video Reklamlar üzrə baş vitse-prezidenti vəzifəsində çalışıb.

Google-a qoşulmazdan əvvəl Mohan şirkətin 2007-ci ildə aldığı internet reklam xidmətləri şirkəti DoubleClick-də strategiya və məhsul inkişafı üzrə baş vitse-prezident olub. Mohan Stenford Universitetində elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi və magistr dərəcəsinə malikdir. Neal Mohan həm də YouTube Music və Shorts ideyalarını irəli sürən və həyata keçirən şəxsdir.

 

© copyright 2022 | tech.az | info@tech.az