Son dövrlərin ən populyar investisiya vasitələrindən birinə çevrilən kriptovalyutalar bəzi təhlükəsizlik problemlərinə səbəb olur. Belə ki, kriptovalyuta hücumları nəticəsində milyardlarla dollarlıq kriptovalyutalar oğurlanır.
Bildirilib ki, 2022-ci ildə kriptovalyuta itkiləri 3,9 milyard dolları ötüb. 2021-ci ildə isə bu rəqəm 8 milyard dollar dəyərində idi. 2022-ci ildə baş verən itkilərin əsas hissəsi, təxminən 3,77 milyard dollar xaker hücumları ilə bağlı olub.
2022-ci ildə bütün itkilərin ən böyük payı 650 milyon dollarla FTX-ə , 625 milyon dollarla Ronin Network-ə, 570 milyon dollarla BNB Chain-ə, 326 milyon dollarla isə Nomad-a düşüb.
Onu da nəzərinizə çatdıraq ki, Şimali Koreyalı xakerlər kriptovalyuta və rəqəmsal aktivləri oğurlamaqda dünyanın ən peşəkarlarından biri hesab olunurlar. Daha öncə də məlumat verdiyimiz kimi, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti oktyabr ayında dövlət tərəfindən dəstəklənən Şimali Koreya xakerlərinin son 5 il ərzində 1,2 milyard dollar dəyərində kriptovalyuta və rəqəmsal aktiv oğurladığını aşkar edib. Oğurlanmış aktivlərin yarısından çoxu, təxminən 626 milyon dollar, təkcə 2022-ci ildə əldə edilib.