Az | EN

2025-ci ildə fintex sahəsinə qlobal investisiyalar 27% artıb

Cəmil Hüseynzadə
16 Yanvar 2026 13:45
47 baxış
2025-ci ildə fintex sahəsinə qlobal investisiyalar 27% artıb

2025-ci ildə fintex (maliyyə texnologiyaları) sahəsinə qlobal investisiyalar 27% artaraq 51,8 milyard dollara çatıb. Bu barədə Crunchbase məlumat yayıb. Göstərici 2021–2022-ci illərin rekord səviyyələrindən aşağı olsa da, investorlar həmin dövrdəki “anomallıq” səviyyəsinə qayıtmaq niyyətində deyillər.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə fintex-startaplar 40,8 milyard dollar investisiya cəlb etmişdi. Bununla belə, bu məbləğlər də pik dövrlərlə müqayisədə xeyli aşağıdır: 2021-ci ildə investisiyalar 141,6 milyard dollar, 2022-ci ildə isə 90,2 milyard dollar təşkil etmişdi.

Eyni zamanda, bağlanan sövdələşmələrin sayı azalıb. 2025-ci ildə ümumilikdə 3457 investisiya razılaşması qeydə alınıb ki, bu da 2024-cü ildəki 4486 sövdələşmə ilə müqayisədə 23% azdır. Buna baxmayaraq, ayrı-ayrı investisiyaların həcmi daha böyük olub.

İlin ən iri sövdələşmələri sırasında Nyu-York Fond Birjasının sahibinin Polymarket platformasına 2 milyard dollar yatırımı, Abu-Dabi hakimiyyətinə məxsus MGX fondunun Binance-ə 2 milyard dollar investisiyası, eləcə də proqnoz bazarı xidməti Kalshi-yə 1 milyard dollar yatırımı yer alıb.

Crunchbase-in sorğusunda iştirak edən investorların fikrincə, 2021 və 2022-ci illər investisiya baxımından “anomaliya” idi. Bunun əsas səbəbi Covid-19 pandemiyasından sonra bazarların sürətli bərpası olub. 2025-ci ildə maraq yenidən artsa da, dünyada davam edən qeyri-müəyyənlik fonunda investorlar startaplara daha seçici yanaşmağa başlayıblar.

Investorlar hesab edirlər ki, 2021–2022-ci illərdəki yüksək temp və ajiotaja qayıtmaq arzuolunan deyil. Əgər həmin dövrdə investisiyalar əsasən rəqəmsallaşmaya kütləvi maraq səbəbilə edilirdisə, indi əsas diqqət startapların keyfiyyətinə və ideyalarının unikal olmasına yönəlib.

© copyright 2022 | tech.az | info@tech.az