Az | EN

Apple yenilənmiş Siri üçün Google serverlərindən istifadə edəcək

Cəmil Hüseynzadə
03 Mart 2026 10:22
36 baxış
Apple yenilənmiş Siri üçün Google serverlərindən istifadə edəcək

ABŞ-ın texnologiya nəhəngi Apple yenilənmiş Siri səsli köməkçisini işə salmaq üçün Google şirkətinə müraciət edib. Bu barədə The Information nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Apple hesab edir ki, süni intellektlə gücləndirilmiş yeni Siri istifadəçilər arasında böyük maraq doğuracaq və bu da yüksək hesablama gücü tələb edəcək. Şirkətin hazırkı infrastrukturunun bu tələbatı tam qarşılamaq imkanının məhdud olduğu bildirilir. Bu səbəbdən Apple-ın Google Cloud xidmətlərindən daha çox asılı ola biləcəyi qeyd olunur.

2025-ci ilin noyabrında Bloomberg mənbələrə istinadla yazmışdı ki, Apple yenilənmiş Siri üçün Google-un süni intellekt modeli olan Gemini-nin xüsusi versiyasından istifadə ilə bağlı illik 1 milyard dollar dəyərində razılaşma əldə etməyə hazırlaşır. Rəsmi olaraq müqavilənin məbləği açıqlanmayıb.

2026-cı il yanvarın 12-də Apple növbəti nəsil Siri versiyasında Gemini-dən istifadə edəcəyini təsdiqləyib. Şirkətin baş icraçı direktoru Tim Cook bildirib ki, Apple eyni zamanda özünün Apple Private Cloud Compute virtual mühitindən istifadəni davam etdirəcək və bununla da “sahədə aparıcı məxfilik standartlarını” qoruyacaq.

Fevralın 27-də isə The Information yazıb ki, Meta şirkəti Google Cloud vasitəsilə Google-un Tensor Processing Units (TPU) çiplərinə çıxışı icarəyə götürüb. Məlumatla bağlı tərəflər rəsmi şərh verməyiblər.

© copyright 2022 | tech.az | info@tech.az