2026-cı il futbol üzrə Dünya Çempionatında istifadə olunacaq rəsmi top müasir texnologiyalarla təchiz edilərək hakim qərarlarının daha dəqiq verilməsinə kömək edəcək. Adidas tərəfindən hazırlanan “Trionda” adlı top “Connected Ball Technology” sistemi ilə işləyir və oyun zamanı toplanan məlumatları birbaşa VAR sisteminə ötürür.
Topun daxilində saniyədə 500 dəfə məlumat toplayan xüsusi sensor yerləşdirilib. Bu texnologiya topa hər toxunuşu izləyərək ofsayd, əllə oyun və digər mübahisəli epizodların müəyyənləşdirilməsinə kömək edir.
Elektron sistemin işləməsi üçün top hər oyundan əvvəl xüsusi stansiyada enerji ilə doldurulur. Təxminən 90 dəqiqəyə tam dolan batareya aktiv oyun şəraitində 6 saata qədər işləyə bilir. Top meydandan kənarda olduqda isə enerji sərfiyyatını azaltmaq üçün avtomatik olaraq yuxu rejiminə keçir.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026 Dünya Çempionatında istifadə olunacaq topun dizaynında hər üç ölkəni simvolizə edən qırmızı, yaşıl və mavi rənglərdən istifadə olunub.
