Beynəlxalq pul köçürmələri sahəsində fəaliyyət göstərən Western Union İsrailin Ramat HaHayal bölgəsində yerləşən GMT fintech şirkətini təxminən 70 milyon ABŞ dollarına (200 milyon şekel) satın almaq barədə razılıq əldə edib. Müqavilə çərçivəsində GMT-nin texnologiyaları, tənzimləyici lisenziyaları və İsraildəki pulköçürmə şəbəkəsi Western Union-un nəzarətinə keçəcək.
Satış GMT-nin təsisçiləri olan Sarok və Tayer ailələrinə məxsus bütün səhmləri əhatə edir. Şirkətin 100 əməkdaşı, onlayn platforması və İsrail üzrə 350-dən çox xidmət nöqtəsi mövcuddur. GMT beynəlxalq və daxili pul köçürmələri, əməkhaqqı idarəçiliyi, valyuta mübadiləsi, öncədən ödənişli kartlar və mobil tətbiq xidmətləri təqdim edir.
Western Union artıq İsrail bazarında fəaliyyət göstərsə də, bu satınalma şirkətin ölkədəki mövqeyini daha da gücləndirməyə xidmət edəcək. GMT yaxın zamanda İsrail Qiymətli Kağızlar İdarəsindən ödəniş şirkəti lisenziyası da alıb.
