Az | EN

İT və innovasiya sahəsində çalışanlar üçün yeni güzəştlər var

Cəmil Hüseynzadə
17 İyun 2026 16:10
38 baxış
İT və innovasiya sahəsində çalışanlar üçün yeni güzəştlər var

Süni intellekt texnologiyalarının hazırlanması istiqamətində xidmət göstərən fiziki şəxslər 20 il müddətində gəlir vergisindən azadolmalar və güzəştlər əldə edəcəklər.

Sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd olunur ki, rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən fiziki şəxslərin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi gəlir - 2026-cı il iyulun 1-dən 20 il müddətinə gəlir vergisindən azaddır.

Qeyd edilən fəaliyyət növləri üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və qeydiyyatda olan qeyri-rezident şəxslərə ixracı (təqdim edilməsi) halında azadolma həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlərin (vəsaitlərin) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldüyü təqdirdə tətbiq edilir.

Avadanlıqların, aparat-texniki vasitələrin təkrar ixracı zamanı həmin avadanlıqlara (aparat-texniki vasitələrə) vergi ödəyicisinin bilavasitə özü tərəfindən yaradılmış qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və "nou-hau" inteqrasiya edildiyi və ya avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldığı hallarda bu azadolma tətbiq edilir. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız üçüncü şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirinə bu azadolma şamil edilmir.

Həmçinin rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslər (texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən ödənilən dividend - 2026-cı il iyulun 1-dən 20 il müddətinə gəlir vergisindən azaddır.

© copyright 2022 | tech.az | info@tech.az