Nvidia artırılmış reallıq (AR) eynəkləri və genişləndirilmiş reallıq (XR) cihazları vasitəsilə istifadə olunan süni intellekt tətbiqləri üçün nəzərdə tutulmuş yeni XR AI platformasını istifadəyə verib. Platforma fabriklərdə, laboratoriyalarda və xəstəxanalarda iş proseslərinin daha səmərəli idarə olunmasına kömək etməyi hədəfləyir.
Hazırda ictimai beta mərhələsində olan XR AI çərçivəsi XR avadanlıqlarını bulud, məlumat mərkəzi, iş stansiyası və kənar (edge) hesablama mühitlərində yerləşən GPU resursları ilə birləşdirir. Sistem video, audio, dərinlik, mövqe (pose) və müxtəlif sensor məlumatlarından istifadə edir.
Şirkətin açıqlamasına görə, XR AI ön xətt əməkdaşları üçün səsli köməkçi xidmətləri, prosedur təlimatları, yoxlama prosesləri və tətbiqlərin idarə olunması kimi funksiyaları dəstəkləyir.
Sənaye texnologiyaları şirkəti Siemens platformanın istehsalat avadanlıqlarına texniki xidmət sahəsində tətbiq imkanlarını araşdırır. Bu əməkdaşlıq tərəflərin 2022-ci ildən rəqəmsal əkizlər (digital twins) və sənaye süni intellekti istiqamətində davam edən tərəfdaşlığının davamı hesab olunur.
Elmi tədqiqatlar üçün süni intellekt sistemləri hazırlayan AutoBio şirkətinin Rana bölməsi isə özünün LabOS sistemini XR AI platformasında istifadəyə təqdim edir. İlkin tətbiqlər arasında Stanford Universitetinin Tibb Məktəbi və Princeton Universitetində həyata keçirilən tədqiqat layihələri yer alır.
Bazar araşdırma şirkəti MarketsandMarkets-ın proqnozuna görə, XR bazarı 2024–2029-cu illər ərzində orta hesabla illik 28,3 faiz artacaq. Bu artımın əsas səbəblərindən biri kimi istehsalat və səhiyyə sektorlarında XR texnologiyalarına artan tələbat göstərilir.
