Avstraliyanın ən varlı şəxsi və mədən sənayesi maqnatı Gina Rinehart Elon Maskın kosmik texnologiyalar şirkəti SpaceX-in rekord həcmli IPO-sunda 1 milyard ABŞ dollarından çox dəyərində pay əldə edib. Bu barədə Wall Street Journal məsələ ilə tanış mənbəyə istinadən məlumat yayıb.
Rinehartın rəhbərlik etdiyi Hancock Prospecting şirkəti sərmayənin dəqiq məbləğini təsdiqləməsə də, bunu şirkət üçün əhəmiyyətli investisiya kimi qiymətləndirib. Gina Rinehart bildirib ki, SpaceX texnoloji baxımdan üstün imkanlara malik, strateji əhəmiyyətli sahələrdə fəaliyyət göstərən və uzunmüddətli inkişaf potensialı olan nadir şirkətlərdən biridir.
Şirkət gələcəkdə SpaceX-in ehtiyac duyduğu kritik mineralların tədarükündə iştirak etməyi planlaşdırır. Hancock Prospecting hazırda nadir torpaq elementləri və litium istehsalı sahəsində fəaliyyət göstərən bir sıra iri şirkətlərə sərmayə yatırıb.
SpaceX səhmləri birjada ilk ticarət günündə 19 faiz bahalaşaraq şirkətin bazar dəyərini 2 trilyon dollardan yuxarı qaldırıb. Bununla da SpaceX ABŞ-ın ən dəyərli altıncı şirkətinə çevrilib.
