ABŞ Prezidenti Donald Trampın ailəsinə məxsus “Trump Mobile” şirkətinin təqdim etdiyi qızılı rəngli T1 smartfonu ətrafında qalmaqal böyüyür. Məlumata görə, 2025-ci ilin iyununda satışa çıxarılan və “ABŞ istehsalı” kimi reklam olunan telefon üçün indiyədək təxminən 590 min nəfər sifariş verib. Alıcılar cihazı əldə etmək üçün ümumilikdə 59 milyon dollar depozit ödəsələr də, bir ildən çox vaxt keçməsinə baxmayaraq, telefonlardan heç biri müştərilərə çatdırılmayıb.
Şirkət əvvəlcə cihazın 2025-ci ilin yayında təqdim ediləcəyini açıqlasa da, tarix bir neçə dəfə dəyişdirilib. Sonradan isə rəsmi saytdan çatdırılma tarixi tamamilə silinib. ABŞ mediasının araşdırmasına görə, sifariş verən müştərilər şirkətdən demək olar ki, heç bir rəsmi məlumat ala bilməyiblər.
“Trump Mobile” son aylarda şərtlərini yeniləyərək bildirib ki, depozit ödənişi məhsulun mütləq satışa çıxarılacağı anlamına gəlmir və şirkət cihazı istehsal etməmək hüququnu özündə saxlayır. Həmçinin qeyd olunub ki, məhsulun buraxılması, istehsalı və ya çatdırılması ilə bağlı heç bir zəmanət verilmir.
Demokrat senator Elizabet Uorren və bir qrup siyasətçi məsələ ilə bağlı Federal Ticarət Komissiyasına müraciət edərək şirkətin mümkün “aldadıcı satış” üsullarının araşdırılmasını tələb ediblər.
Bununla yanaşı, şirkətin əvvəllər “Made in USA” kimi təqdim etdiyi telefonun əslində ABŞ-da istehsal olunmayacağı da məlum olub. Şirkət rəhbərləri yalnız son montaj mərhələsinin Mayamidə həyata keçiriləcəyini, əsas istehsalın isə xaricdə aparılacağını təsdiqləyiblər. Hazırda isə “Trump Mobile” əsasən Çində istehsal olunan yenilənmiş iPhone və Samsung telefonlarının satışını həyata keçirir.
