DJI yeni nəsil robot tozsoranları olan Romo 2 seriyasını təqdim edib. Şirkətin açıqladığı məlumata görə, seriyaya daxil olan DJI Romo P2 və DJI Romo A2 modelləri həm fərqli dizaynı, həm də inkişaf etmiş naviqasiya sistemi ilə seçilir.
Yeni robot tozsoranlar 36 min Pa-a qədər sorma gücü ilə təchiz olunub. Qurğular yaş təmizləmə üçün disk formalı mop sistemi ilə gəlir və güclü çirklənmə aşkar etdikdə təzyiqi avtomatik artıraraq döşəməni daha effektiv təmizləyir.
Cihazların naviqasiya sisteminə binokulyar sensor, ToF sensoru və lidar daxildir. Bu texnologiyalar sayəsində robotlar nazik naqilləri, şüşə və güzgü səthlərini dəqiq tanıya bilir. Xalça üzərinə çıxarkən mop avtomatik qaldırılır və sorma gücü artırılır.
DJI həmçinin tozun daha sürətli aşkarlanması üçün korpusa xüsusi işıq sistemi yerləşdirib. Şirkətin bildirdiyinə görə, bu işıq ev sakinləri və ev heyvanları üçün narahatlıq yaratmır.
Robot tozsoranlar 8,5 sm hündürlüyündə maneələri keçə bilir. Dok-stansiya isə təmizləmə başlıqlarını avtomatik yuyub qurudur. Qurğuların idarəsi DJI Home tətbiqi vasitəsilə həyata keçirilir.
Romo 2 seriyasının Çində satışına 11 iyunda başlanılacaq. DJI Romo P2 modelinin qiyməti 883 dollar, kanalizasiya və su sisteminə qoşulan versiyası isə 956 dollar olacaq. DJI Romo A2 modeli 809 dollara, inkişaf etmiş stansiyalı versiyası isə 883 dollara satılacaq.
