Bu gün Kontakt Home şirkətinə məxsus məhsulların saxlanıldığı anbarlardan birində yanğın baş verib. Şirkət hadisə ilə bağlı rəsmi sosial şəbəkə hesabında açıqlama yayıb.
Tech.az xəbər verir ki, açıqlamada hadisə zamanı heç kimin xəsarət almadığı bildirilib. Şirkət əməkdaşlarının və hadisə yerində olan şəxslərin təhlükəsiz şəkildə təxliyə edildiyi qeyd olunub.
“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır”, — deyə paylaşımda vurğulanıb.
Şirkət həmçinin operativ müdaxiləyə görə təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edib. Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərin çatdırılmasında qısamüddətli gecikmələrin yaşana biləcəyi bildirilib. Təsirlənən sifarişlərlə bağlı müştərilərlə birbaşa əlaqə saxlanılacağı qeyd edilib.
Hadisə ilə bağlı əlavə məlumatların vəziyyət dəqiqləşdikcə paylaşılacağı bildirilib.
Qeyd edək ki, bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.

