ABŞ Ticarət Nazirliyi yarımkeçirici çip dizaynı üçün proqram təminatı hazırlayan aparıcı şirkətlər – Synopsys, Cadence Design Systems və Siemensə Çinlə əməkdaşlıq üçün lisenziya alma tələbinin ləğv olunduğunu bildirib. Bu barədə Bloomberg məlumat yayıb.
Siemens artıq Çin müştərilərinin öz texnologiyalarına tam çıxış əldə etdiyini açıqlayıb. Synopsys və Cadence isə Çində tam fəaliyyətin bərpası üzərində işləyir.
Bu qərar 2025-ci ilin iyun ayında ABŞ və Çin arasında imzalanmış ticarət razılaşmasının bir hissəsidir. Razılaşmaya əsasən, Çin nadir torpaq elementlərinin ixracına dair icazələri sürətləndirəcək. Bu materiallar yüksək texnologiyalı sənayelərdə, o cümlədən süni intellekt və müdafiə sahələrində geniş istifadə olunur.
Bununla yanaşı, ABŞ Nvidia şirkətinin süni intellekt təlimi üçün nəzərdə tutulmuş qabaqcıl H20 çipinin Çinə ixracı ilə bağlı qoyulan qadağanı qüvvədə saxlayır.
Bu addım ABŞ və Çin arasında texnologiya sahəsində gərginliyin müəyyən qədər azaldılmasına və çip sənayesində əməkdaşlığın genişlənməsinə zəmin yarada bilər.