ABŞ hökuməti texnologiya idxalı ilə bağlı növbəti sərt addımını atıb. Ölkədə qüvvəyə minən yeni qanuna əsasən, ABŞ-dən kənarda istehsal olunan bütün dronların satışı və ölkəyə idxalı qadağan edilib.
“Milli təhlükəsizlik” əsas gətirilərək qəbul edilən qərara görə, dronun növündən asılı olmayaraq, əgər o, ABŞ hüdudlarından kənarda istehsal edilibsə, ölkəyə daxil ola bilməyəcək. Bununla belə, hazırda xaricdə istehsal edilmiş drona sahib olan şəxslərə mövcud dronlarını istifadə etməyə davam etməyə icazə verilir.
Rəsmi açıqlamada bildirilib ki, hökumət cinayətkarların dronlardan istifadə edərək yeni və ciddi təhlükələr yarada biləcəyindən narahatdır. Qadağadan ən çox təsirlənən şirkətlərdən biri isə ABŞ dron bazarının lideri olan DJI hesab olunur.
DJI yeni qanunla bağlı verdiyi açıqlamada qərardan məyus olduqlarını bildirib. Şirkət yalnız özlərinin deyil, bir çox istehsalçının bu qadağadan zərər gördüyünü vurğulayaraq, qərarın səbəblərinin açıq şəkildə izah edilməməsindən narazılıq etdiyini qeyd edib. Bununla yanaşı, DJI ABŞ bazarından çəkilməyi planlaşdırmadığını və məhsullarının “bazardakı ən təhlükəsiz və etibarlı dronlar arasında” olduğunu bildirib.
Qadağadan sonra xüsusilə Çin istehsalı dronların ABŞ bazarındakı gələcəyi maraq doğurur. DJI-nin istehsal xətlərinin bir hissəsini ABŞ-yə köçürə biləcəyi ehtimal edilir. Yeni qanun isə Donald Trampın yerli dron sənayesini gücləndirmək strategiyasının bir hissəsi kimi dəyərləndirilir.
ABŞ administrasiyası həm indiki, həm də əvvəlki dövrlərdə Çin texnologiya şirkətlərinə qarşı sərt mövqeyi ilə seçilib. Tramp iyun ayında yerli dron istehsalının artırılacağını açıqlamışdı və yeni qadağa bu məqsədə doğru atılan ilk real addımlardan biri kimi qiymətləndirilir.
