WeTransfer-in həmtəsisçilərindən olan Nalden, məşhur fayl paylaşım xidməti WeTransfer-in son dövrlərdəki inkişaf istiqamətlərindən narazı qaldığı üçün yeni fayl ötürmə platformu – Boomerang-ı yaradıb. Yeni xidmət sadəlik və istifadəçi təcrübəsini ön plana çıxararaq hesab açmadan fayl göndərməyə imkan verir.
Nalden bildirib ki, Boomerang layihəsi ilə sade və sürətli fayl paylaşım təcrübəsini yenidən bərpa etməyi hədəfləyir. Qeyd edək ki, WeTransfer 2009-cu ildə Nalden, Rinke Visser və Bas Beerens tərəfindən təsis edilib və qısa zamanda iri həcmli faylların ötürülməsi üçün qlobal miqyasda populyarlıq qazanıb. Platforma 2024-cü ildə Milan mərkəzli Bending Spoons şirkəti tərəfindən satın alınıb.
Satınalmadan sonra WeTransfer-də bir sıra dəyişikliklər edilib. Bunlara ötürmə linkləri ilə bağlı yeni qaydalar, işçilərin böyük hissəsinin ixtisarı və istifadəçi məzmununun süni intellekt modelləri üçün istifadə oluna biləcəyinə dair mübahisəli şərtlər daxil olub. Sözügedən maddə sonradan geri götürülsə də, Nalden bu dəyişikliklərin məhsulun əsas fəlsəfəsinə zərər verdiyini qeyd edib.
Boomerang istifadəçilərə e-poçt təsdiqi və ya qeydiyyat olmadan fayl ötürməyə imkan yaradır. Pulsuz versiyada 1 GB ümumi yaddaş və 1 GB fayl limiti ilə paylaşımlar 7 gün aktiv qalır. Hesab açan istifadəçilər aylıq 6,99 avro qarşılığında 3 GB yaddaş, fayl tarixçəsinə çıxış və əlavə funksiyalardan yararlana bilirlər.
Premium paketdə isə hər qovluq üçün 200 GB, ümumilikdə 500 GB yaddaş, 5 GB fayl ölçüsü limiti, parol qorunması və faylların 90 günədək saxlanılması kimi geniş imkanlar təqdim olunur.
Boomerang-ın istifadəçi mərkəzli və minimalist yanaşmasının fayl paylaşım alətləri bazarında necə mövqe tutacağı yaxın dövrdə daha aydın görünəcək.
