Türkiyəli sahibkar Akın Babayiğitin həmtəsisçisi olduğu mobil oyun şirkəti Tripledot Studios, Tel-Əviv mərkəzli mobil oyun nəşriyyatçısı Supersonic-i Unity şirkətindən 40 milyon ABŞ dollarına satın aldığını açıqlayıb.
Şirkətin məlumatına görə, satınalma hələ tənzimləyici təsdiqlərdən keçməlidir. Müqavilə Tripledot Studios-un hybrid-casual oyun seqmentində nəşriyyat fəaliyyətini gücləndirməyi hədəfləyir.
2019-cu ildə ironSource tərkibində yaradılan, daha sonra isə Unity-nin strukturuna daxil edilən Supersonic bu günədək 150-dən çox mobil oyun yayımlayıb. Şirkətin portfelinə Hole It, Unravel Master və Going Balls kimi məşhur oyunlar daxildir. Bu oyunlar ümumilikdə 6 milyarddan çox yüklənmə əldə edib.
Bu satınalma Tripledot Studios-un 2025-ci ildə AppLovin-in oyun portfelini təxminən 800 milyon dollara əldə etməsindən sonra həyata keçirdiyi növbəti böyük müqavilədir. Şirkət bildirib ki, Supersonic bundan sonra da öz brendi altında fəaliyyət göstərəcək və Tripledot-un Lion Studios nəşriyyat markası ilə paralel işləyəcək.
Tripledot hesab edir ki, bu satınalma istifadəçi cəlbetmə, kapital idarəçiliyi və məlumat elmi sahəsində imkanlarını genişləndirəcək, həmçinin şirkətə daha inkişaf etmiş proqram təminatı dəstləri (SDK) və avtomatlaşdırma texnologiyalarına çıxış verəcək.
Satınalmadan sonra Supersonic müstəqil biznes vahidi kimi fəaliyyətini davam etdirəcək. Şirkətin baş ofisi Tel-Əvivdə qalacaq və mövcud rəhbərlik komandası fəaliyyətini davam etdirəcək.
Supersonic-in baş icraçı direktoru İqor Bereslavski bildirib ki, şirkətin əsas məqsədi kiçik oyun studiyalarının qlobal auditoriyaya çıxmasına kömək etməkdir və Tripledot-un resursları bu məqsədi daha geniş miqyasda reallaşdırmağa imkan verəcək.
