Çinin texnologiya nəhəngi Alibaba iyulun 10-dan etibarən əməkdaşlarına Anthropic şirkətinin hazırladığı Claude Code proqramlaşdırma alətindən istifadəni qadağan edəcək. Şirkətin bu qərarı təhlükəsizlik riskləri ilə əlaqələndirilir.
Məlumata görə, Anthropic artıq Çin şirkətlərinə və onların nəzarətində olan xarici qurumlara öz süni intellekt modellərindən istifadə etməyə icazə vermir. Şirkət həmçinin Çin istifadəçilərinin Claude xidmətinə çıxış əldə etməsinə imkan verən boşluqları aradan qaldırmaq üçün əlavə tədbirlər görür.
Bildirilir ki, Claude Code-un bəzi versiyalarında Çin istifadəçilərini müəyyən edə bilən mexanizmlər sınaqdan keçirilib. Anthropic isə bunun icazəsiz hesab satışlarının qarşısını almaq və süni intellekt modellərinin məlumatlarının kopyalanması riskini azaltmaq məqsədi daşıdığını açıqlayıb.
Alibaba isə Claude Code-u yüksək riskli proqram təminatı kimi qiymətləndirərək əməkdaşlarına şirkətin özünün hazırladığı Qoder alətindən istifadə etməyi tövsiyə edib.
