ABŞ Prezidenti Donald Trump ilə əlaqələndirilən TRUMP memkoininə yatırım edənlərin böyük əksəriyyəti ciddi maliyyə itkisi ilə üzləşib. The New York Times-ın analitik şirkət Nansen-ə istinadən yaydığı məlumata görə, iyunun sonuna qədər təxminən 988 min kriptovalyuta cüzdanı zərərə düşüb. Ümumi itki 3,81 milyard dollar təşkil edib.
Məlumata əsasən, tokeni alan hər üç investordan ikisi hazırda zərərdədir. Buraya həm artıq reallaşmış itkilər, həm də hələ tokeni saxlayan investorların potensial zərərləri daxildir. Yanvar ayında 75,35 dollar səviyyəsinə yüksələn TRUMP tokeni iyunun sonunda təxminən 1,76 dollara qədər geriləyərək dəyərinin təxminən 97 faizini itirib. Onun bazar kapitallaşması isə 15 milyard dollardan 425 milyon dollara enib.
Analitiklər bildirirlər ki, qazanc əldə edənlər əsasən tokeni satışa çıxarılan ilk saatlarda, qiyməti 1 dollardan aşağı olarkən alan investorlardır. Bununla yanaşı, Donald Trampın maliyyə bəyannaməsində memkoin layihəsindən 636 milyon dollar gəlir əldə etdiyi göstərilib. Ağ Ev isə tənqidləri qəbul etməyərək, tokenin ucuzlaşmasını ümumi kriptovalyuta bazarındakı enişlə əlaqələndirib.
