Az | EN

Çinin ağıllı eynək istehsalçısı 150 milyon dollarlıq investisiya cəlb edib

Cəmil Hüseynzadə
06 İyul 2026 14:28
75 baxış
Çinin ağıllı eynək istehsalçısı 150 milyon dollarlıq investisiya cəlb edib

Çinin Şençjen şəhərində fəaliyyət göstərən Even Realities startapı investisiya mərhələsində 150 milyon dollar vəsait cəlb edib. Maliyyələşdirmə turuna Meituan rəhbərlik edib, Tencent isə mövcud investor kimi iştirakını davam etdirib. Yeni investisiyadan sonra şirkətin bazar dəyəri 1 milyard dollara yüksəlib.

2023-cü ildə keçmiş Apple mühəndisləri tərəfindən yaradılan Even Realities kamera ilə təchiz olunmayan ağıllı eynəklər istehsal edir. Şirkət bildirir ki, bu yanaşma istifadəçilərin məxfiliklə bağlı narahatlıqlarını aradan qaldırmağa hesablanıb.

Ötən ilin noyabrında təqdim olunan G2 modeli mikro LED ekran, dalğaötürücü optika və Bluetooth üzüyü vasitəsilə idarəetmə funksiyası ilə təchiz edilib. Cəmi 36 qram ağırlığında olan cihazın istifadəçilərinin yarıdan çoxu ABŞ-dadır. Şirkət məhsullarını Çində istehsal etsə də, hələlik daxili bazarda satış həyata keçirmir.

Analitiklərin məlumatına görə, 2026-cı ilin ilk rübündə qlobal ağıllı eynək tədarükləri ötən ilin eyni dövrü ilə müqayisədə 167 faiz artıb. Bu bazarda lider mövqeni isə Meta qoruyur.

© copyright 2022 | tech.az | info@tech.az