Almaniyanın məşhur batareya istehsalçısı Varta AG maliyyə problemlərinin dərinləşməsi fonunda Ştutqart Məhkəməsinə özünüidarəetmə (self-administration) əsasında müflislik prosedurunun başlanması üçün müraciət edib.
Şirkət bildirib ki, qərarın səbəbi hazırkı ödəniş qabiliyyətinin itirilməsi deyil, 2027-ci ildən etibarən yaranacağı gözlənilən struktur maliyyə çatışmazlığıdır. Varta-nın sözlərinə görə, bazarda tələbin zəifləməsi, valyuta məzənnələrinin mənfi təsiri və əsas müştərilərindən birinin əməkdaşlığı dayandırması vəziyyəti daha da ağırlaşdırıb.
Reuters və Almaniya mediasının məlumatına görə, sözügedən müştəri Apple-dır. Şirkətin AirPods qulaqlıqları üçün istifadə etdiyi CoinPower tipli təkrar doldurulan düymə batareyalarının tədarükünü Çindən təmin etməyə qərar verdiyi bildirilir.
Varta-nın baş icraçı direktoru Michael Ostermann şirkətin iş yerlərini qorumaq, fəaliyyətini davam etdirmək və bütün maraqlı tərəflər üçün ən yaxşı həlli tapmaq istiqamətində çalışdığını deyib.
Şirkət vurğulayıb ki, istehsal prosesi davam edir, əməkdaşların maaşları isə ödənilməyə davam edəcək. Eyni zamanda, Varta-nın gəlirli məişət batareyaları biznesi (Varta Consumer Batteries) hüquqi baxımdan ayrıca fəaliyyət göstərdiyi üçün müflislik prosesinə daxil edilməyib.
Bununla yanaşı, Varta Microbattery, Varta Micro Production və Varta Storage törəmə şirkətləri də ayrıca müflislik müraciəti edib.
Qeyd edək ki, Varta 2025-ci ilin martında Frankfurt və Vyana birjalarından delist edilmiş, həmin ilin aprelində isə əvvəlki restrukturizasiya prosesini tamamladığını açıqlamışdı. Reuters-in məlumatına əsasən, şirkətin səhmdarları, o cümlədən Porsche AG və avstriyalı investor Michael Tojner, Varta-ya əlavə maliyyə dəstəyi verməkdən imtina ediblər.
