Reddit 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 61% artaraq 805 milyon dollara çatıb.
Hesabata əsasən, platformanın gündəlik aktiv istifadəçi sayı 18% artaraq 130,3 milyona, həftəlik aktiv istifadəçi sayı isə 24% artaraq 514,6 milyona yüksəlib. Bununla da Reddit tarixində ilk dəfə həftəlik 500 milyon aktiv istifadəçi həddini keçib.
Şirkətin xalis mənfəəti iki dəfədən çox artaraq 253 milyon dollar olub. Reklam gəlirləri 64% artaraq 762 milyon dollara, digər gəlirlər isə 24% artaraq 43 milyon dollara yüksəlib. Analitiklər qeyd edirlər ki, reklam bazarındakı bu artım ümumi internet reklam sektorunun inkişaf tempini üstələyir.
Reddit ikinci rübdə 262 milyon dollar əməliyyat pul axını əldə edib və 235 milyon dollarlıq A sinif səhmlərini geri alıb.
Şirkət üçüncü rübdə gəlirlərinin 860–870 milyon dollar, tənzimlənmiş EBITDA göstəricisinin isə 385–395 milyon dollar olacağını proqnozlaşdırır.
Qeyd edək ki, Reddit daha əvvəl platformaya daxil olan trafikin təxminən 50%-nin Google axtarış sistemi vasitəsilə gəldiyini açıqlamışdı.
