Amazon-un ağıllı qapı zəngi brendi Ring yeni məhkəmə iddiası ilə üzləşib. ABŞ-ın Virciniya ştatından olan Çarlz Siqvaltın Sietldə qaldırdığı kollektiv iddiada şirkətin “Familiar Faces” (Tanış Üzlər) funksiyasının insanların üz məlumatlarını onların razılığı olmadan topladığı iddia edilir.
Ötən ilin sonunda istifadəyə verilən funksiya süni intellekt vasitəsilə evə mütəmadi gələn şəxsləri tanıyaraq istifadəçilərə daha detallı bildirişlər göndərir. Lakin məxfilik müdafiəçiləri qeyd edirlər ki, Ring kameralarının qarşısından keçən şəxslər üzlərinin skan edilməsinə razılıq verməyiblər.
İddia ərizəsində milyonlarla amerikalının xəbəri olmadan üz tanıma məlumatlarının toplandığı bildirilir. Amazon isə funksiyanın istifadəyə verildiyi zaman üz məlumatlarının şifrələndiyini, paylaşılmadığını və tanınmayan üzlərin 30 gündən sonra avtomatik silindiyini açıqlamışdı.
Ring daha əvvəl də məxfiliklə bağlı qalmaqallarla gündəmə gəlib. 2023-cü ildə Amazon Ring istifadəçilərinin şəxsi videolarına icazəsiz giriş iddialarına görə ABŞ Federal Ticarət Komissiyası ilə 5,8 milyon dollarlıq razılaşma əldə etmişdi. Yeni iddianın şirkətin üz tanıma texnologiyalarından istifadəsi ilə bağlı müzakirələri yenidən alovlandıracağı gözlənilir.
