ABŞ-ın tanınmış texnologiya milyarderi, PayPal-ın həmtəsisçisi və investor Peter Til Argentinaya köçərək bu ölkədə yeni həyat qurmağa başlayıb. “The New York Times”ın yazdığına görə, Til son iki ay ərzində Buenos-Ayresdə malikanə alıb, prezident Xavyer Miley və hökumət üzvləri ilə görüşlər keçirib, həmçinin yerli iqtisadçılar və intellektuallarla müzakirələr aparıb.
Mənbələrin bildirdiyinə görə, Til Argentinanı ABŞ-a alternativ yaşayış məkanı kimi nəzərdən keçirir. Onun bu qərarında ABŞ-ın gələcəyi ilə bağlı narahatlıqların, xüsusilə Kaliforniyada milyarderlər üçün əlavə vergi təşəbbüslərinin mühüm rol oynadığı qeyd olunur. Investorun nüvə müharibəsi və nəzarətdən çıxmış süni intellekt kimi qlobal risklərlə bağlı uzunmüddətli narahatlıqları da məlumdur.
Peter Tilin Argentinaya marağı yalnız təhlükəsizlik amilləri ilə bağlı deyil. O, prezident Xavyer Mileyin libertarian iqtisadi siyasətini dəstəkləyir və onun həyata keçirdiyi genişmiqyaslı islahatları yüksək qiymətləndirir. Tərəflər ilk dəfə 2024-cü ildə görüşüb və sonradan münasibətləri daha da yaxınlaşıb.
Bildirilir ki, 58 yaşlı milyarder ailəsi ilə birlikdə müvəqqəti olaraq Buenos-Ayresə köçüb, övladlarını yerli məktəbə yerləşdirib. Argentina hökumətinin ona daimi yaşayış icazəsi və ya vətəndaşlıq vermək imkanlarını nəzərdən keçirdiyi iddia edilsə də, rəsmi Buenos-Ayres bunu təsdiqləməyib.
Til Argentinada yaşadığı müddətdə məşhur River Plate–Boca Juniors futbol qarşılaşmasını izləyib, Patagoniya bölgəsində yerləşən Bariloçe şəhərinə səfər edib və hətta Buenos-Ayresdə keçirilən şahmat turnirində iştirak edərək üçüncü yeri tutub.
Milyarderin Argentinaya yerləşməsi ölkədə müxtəlif reaksiyalar doğurub. Hökumət tərəfdarları bunu xarici investorların ölkəyə artan marağının göstəricisi kimi qiymətləndirirlər. Müxalif siyasətçilər isə bu prosesi ölkənin böyük kapitalın təsirinə daha da açılması kimi dəyərləndirirlər.
Qeyd edək ki, Peter Til daha əvvəl 2011-ci ildə Yeni Zelandiya vətəndaşlığı alıb, 2022-ci ildə isə Malta pasportu üçün müraciət edib. Bundan əlavə, onun qonşu Uruqvayda da torpaq sahəsi aldığı bildirilir. Bəzi müşahidəçilər bu investisiyaları milyarderin mümkün qlobal böhranlar üçün “B planı” hazırlaması kimi şərh edirlər.
