Anthropic şirkəti Claude tətbiqinin macOS versiyası üçün yeni rejim təqdim edib. Bu rejimdə süni intellekt agenti istifadəçinin kompüterini birbaşa idarə edə bilir. İstifadəçilər tapşırıqları yalnız kompüterdən deyil, həm də smartfondan göndərə bilirlər.
Yeni alət hələlik “erkən test” mərhələsindədir və yalnız Claude Pro və Claude Max abunəçiləri üçün əlçatandır. Funksiya əsasən Claude Cowork rejimində fayllarla işləmək və Claude Code mühitində kod redaktəsi üçün nəzərdə tutulub.
Şirkətin məlumatına görə, AI agenti kursoru hərəkət etdirə, linklərə klik edə, faylları açıb redaktə edə, eləcə də proqramlaşdırma ilə bağlı mürəkkəb tapşırıqları yerinə yetirə bilir. Dispatch adlı funksiya vasitəsilə isə istifadəçilər smartfondan bu agentə tapşırıqlar ötürə bilirlər.
Bununla belə, Anthropic bildirir ki, Claude-un kompüteri idarə etmə bacarıqları hələ ilkin mərhələdədir. Bu səbəbdən şirkət istifadəçilərə həssas məlumatlarla işləyərkən bu funksiyadan istifadə etməməyi tövsiyə edir. Eyni zamanda, təhlükəsizlik baxımından bəzi tətbiqlərlə işləmək məhdudlaşdırılıb, lakin konkret hansı tətbiqlərin olduğu açıqlanmır.
Claude kompüteri idarə etdiyi zaman sistem avtomatik olaraq modelin fəaliyyətini yoxlayır və riskləri azaltmağa çalışır. Bundan əlavə, agent yeni tətbiqlərlə işləmək üçün hər dəfə istifadəçidən icazə istəyir və istənilən anda dayandırıla bilər.
