Az | EN

Anthropic Samsung ilə öz süni intellekt çipini hazırlamaq üçün danışıqlar aparır

Cəmil Hüseynzadə
03 İyul 2026 11:02
60 baxış
Anthropic Samsung ilə öz süni intellekt çipini hazırlamaq üçün danışıqlar aparır

Anthropic şirkətinin Samsung Electronics ilə xüsusi hazırlanmış süni intellekt (AI) çipinin istehsalı üzrə danışıqlar apardığı bildirilir. Bu barədə The Information nəşri məlumat yayıb, xəbəri isə Bloomberg yayımlayıb.

Mənbələrin sözlərinə görə, layihə hazırda ilkin mərhələdədir. Şirkət hələ çipin hansı məqsədlər üçün nəzərdə tutulacağı və texniki göstəricilərinin necə olacağı ilə bağlı yekun qərar verməyib.

Anthropic məsələ ilə bağlı şərh verməkdən imtina edib. Şirkət yalnız bildirib ki, hazırda hesablama infrastrukturunun əsasını Amazon Trainium, Google TPU və Nvidia qrafik prosessorları təşkil edir. Samsung da danışıqlarla bağlı açıqlama verməyib.

Xatırladaq ki, Reuters agentliyi 2026-cı ilin yazında Anthropic-in hesablama gücü çatışmazlığı və Claude modelinə artan tələbat fonunda öz AI çiplərini hazırlamağı nəzərdən keçirdiyini yazmışdı.

Qeyd edək ki, iyunun sonunda OpenAI da Broadcom ilə əməkdaşlıq çərçivəsində sıfırdan hazırladığı ilk xüsusi inferens (çıxarış) AI çipini təqdim edib.

© copyright 2022 | tech.az | info@tech.az