Apple OLED texnologiyasına keçiddə diqqətli addımlar atır. Bəzi iPhone və Apple Watch modelləri OLED displeylərdən istifadə edir, iPad və MacBook modellərində isə hələlik bu texnologiya yoxdur. Lakin yeni hesabata görə OLED displeyli iPad Pro-nun tezliklə satışa çıxa biləcəyi məlum olub.
Omdia araşdırma şirkətinin hesabatına görə Apple-ın 2024-cü ildə OLED ekranlarını 11 düym və 13 düymlük iPad Pro modellərinə gətirmək planının olduğu bildirilir. İstehsal prosesinə gələn ilin birinci rübündə başlanılacağı təxmin edilir. Həmçinin, hesabata görə Apple aşağı temperaturlu polikristal oksid (LTPO) OLED panellərindən istifadə etməyi düşünür.
Bununla belə, hesabatda bəzi təəssüf edici məlumatlar da qeyd olunub. Bildirilir ki, Apple-ın 13 və 15 düymlük OLED MacBook modellərinin təqdimatı 2027-ci ilə qədər təxirə salınıb. Buna görə də, Apple hazırda OLED displeyli iPad-lərdə daha çox işləməyə diqqət yetirir.