Az | EN

Apple İranlı istifadəçiləri gizli kəşfiyyat hücumlarına qarşı xəbərdar edib

Nigar Sultanli
23 İyul 2025 12:04
67 baxış
Apple İranlı istifadəçiləri gizli kəşfiyyat hücumlarına qarşı xəbərdar edib

Apple son aylarda bir neçə iranlı istifadəçiyə onların iPhone-larının dövlət casus proqramları ilə izlənildiyini bildirib. Bu barədə İran üzrə rəqəmsal hüquqlar təşkilatı Miaan Group və İsveçdə yaşayan iranlı kibertəhlükəsizlik mütəxəssisi Hamid Kaşfi məlumat verib.

Miaan Group-un son hesabatında qeyd olunur ki, 2025-ci ilin aprelində İranda və Avropada yaşayan üç şəxsə Apple tərəfindən təhlükə bildirişi göndərilib. Onlardan ikisi siyasi fəallıqla tanınan ailədən olub və heç xaricə səfər etməyiblər.

Miaan Group-un rəqəmsal hüquqlar üzrə rəhbəri Əmir Rəşidi bildirib ki, İran hökuməti bu hücumların arxasında ola bilər və hədəfə alınanlar əsasən vətəndaş cəmiyyəti fəallarıdır. Onun sözlərinə görə, bu hücumlar hələ başlanğıcdadır və böyük miqyaslı ola bilər.

Hamid Kaşfi isə bəzi zərərçəkmişlərə ilkin texniki yardım göstərib, lakin hansı casus proqramın istifadə olunduğunu dəqiq müəyyənləşdirə bilməyib. Həmçinin, bir çox zərərçəkmiş təhlükənin ciddiliyini anlayıb, daha dərin araşdırmaya davam etməkdən imtina edib.

Hazırda bu hücumların arxasında duran casus proqram istehsalçısı məlum deyil. Lakin Apple son illərdə NSO Group-un Pegasus və Paragon-un Graphite kimi hökumət casus proqramları ilə bağlı istifadəçilərə xəbərdarlıq göndərib.

Apple 2021-ci ildən bəri 150-dən çox ölkədə istifadəçilərə belə bildirişlər göndərdiyini bildirir, lakin ölkələrin adlarını və istifadəçilərin sayını açıqlamır. Apple zərərçəkmişlərə AccessNow təşkilatına müraciət etməyi tövsiyə edir. Bu təşkilat 24 saat rejimində casus proqramların araşdırılmasında kömək göstərir.

Apple iranlı istifadəçilərə göndərilən bu xəbərdarlıqlarla bağlı rəsmi açıqlama verməyib.

© copyright 2022 | tech.az | info@tech.az