Az | EN

Apple Mistral AI və Perplexity-ni almağa hazırlaşır

Nigar Sultanli
27 Avqust 2025 11:48
35 baxış
Apple Mistral AI və Perplexity-ni almağa hazırlaşır

Apple Mistral AI və Perplexity startaplarını satın almağı nəzərdən keçirir. Lakin Reuters-in The Information-a istinadən verdiyi məlumata görə, Apple bu startaplara hələ rəsmi təklif göndərməyib və onların alınması üçün "milyardlarla dollar" xərcləməyə hazır deyil.

Məsələ ilə bağlı Apple, Mistral AI və Perplexity heç bir şərh verməyiblər.

Apple daxilində bu məsələ ilə bağlı fikir ayrılıqları var. Şirkətin vitse-prezidenti Eddi Kyo bu satınalmanın tərəfdarıdır. O, keçmişdə də Netflix və Tesla kimi şirkətlərin alınmasını təklif etmişdi. Əksinə, proqram təminatı üzrə vitse-prezident Kreyq Federiqi isə hesab edir ki, Apple-ın süni intellekt startaplarını almağa ehtiyacı yoxdur və bu texnologiyaları özü inkişaf etdirə bilər.

MacRumors-un qeyd etdiyi kimi, Apple adətən 100 milyon dollardan baha satınalmalar etmir. Yeganə istisna, şirkətin 3 milyard dollara aldığı Beats qulaqlıq istehsalçısıdır.

Məlumat üçün bildirək ki, chat-bot "Le Chat"-i hazırlayan Mistral AI şirkəti 2024-cü ilin iyununda 6 milyard dollar dəyərləndirilmişdi. 2025-ci ilin avqustunda isə FT şirkətin dəyərinin 10 milyard dollara yüksəlməsi barədə məlumat yaymışdı.

Süni intellekt axtarış sisteminin yaradıcısı olan Perplexity isə 2024-cü ilin dekabrında investorlar tərəfindən 9 milyard dollar dəyərləndirilmişdi. Business Insider-in avqust ayında verdiyi məlumata görə, şirkət 20 milyard dollarlıq dəyərlə yeni investisiya cəlb etməyi planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az