Bloomberg-in mənbələrinin verdiyi məlumata görə, Apple şirkətinin rəhbərliyi Perplexity adlı süni intellekt əsaslı axtarış startapını almaq barədə daxili müzakirələr aparıb. Lakin bu müzakirələrin mütləq nəticə verəcəyi barədə heç bir zəmanət yoxdur. Belə bir satınalma Apple-ın Google ilə tərəfdaşlığını itirməsi halında ona əlavə dəstək ola bilər. Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi 2025-ci ilin aprelində Google-un digər şirkətlərlə bağladığı müqavilələri ləğv etməsini tələb edib. Bu müqavilələr Google-un smartfonlar və digər cihazlarda standart axtarış sistemi kimi qalmasını təmin edirdi.
Perplexity rəhbərliyi isə belə bir satınalma müzakirələrindən xəbərsiz olduqlarını bildirib. Apple isə məsələyə dair rəsmi açıqlama verməyib.
Eyni zamanda CNBC-nin məlumatına görə, Meta şirkəti də Perplexity-ni almaq niyyətində olub, lakin tərəflər razılığa gəlməyib. Həmçinin The Verge və CNBC-nin məlumatlarında bildirilir ki, Meta əvvəlcə OpenAI-nin keçmiş texnologiya direktoru Mira Muratinin təsis etdiyi Thinking Machines Lab və OpenAI-nin həmtəsisçisi İlya Sutskeverin Safe Superintelligence startaplarına da maraq göstərib.
Nəticədə Meta, Bloomberg-in məlumatına görə, süni intellekt startapı Scale AI-yə 14.3 milyard dollar investisiya qoyaraq şirkətin 49%-ni əldə edib. Bu razılaşma çərçivəsində Scale AI-nin həmtəsisçisi və baş icraçı direktoru Aleksandr Van Meta komandasında yer alıb. Lakin mediada yayılan xəbərlərə görə, Scale AI-nin bəzi müştəriləri bu investisiyadan sonra startapla əməkdaşlığı dayandırmağı düşünürlər.