Az | EN

Apple WWDC 2025-də süni intellektlə bağlı əsas yeniliklər açıqlanıb

Nigar Sultanli
13 İyun 2025 10:45
147 baxış
Apple WWDC 2025-də süni intellektlə bağlı əsas yeniliklər açıqlanıb

Apple, keçən ilki WWDC təqdimatında süni intellekt sahəsindəki iddialı addımlarını nümayiş etdirmişdi. Bu il isə şirkət diqqətini daha çox əməliyyat sistemləri, xidmətlər və proqram təminatında yeniliklərə yönəldib. Yeni təqdim edilən "Liquid Glass" dizaynı və yenilənmiş adlandırma sistemləri bu istiqamətdəki əsas dəyişikliklərdəndir.

Bununla belə, Apple bəzi süni intellekt əsaslı yenilikləri də istifadəçilərlə bölüşərək bu sahədəki marağı qorumağa çalışıb. Aşağıda təqdim olunan süni intellekt yenilikləri Apple-ın gələcək strategiyasına işıq tutur:

Visual Intelligence – Yeni Nəsil Təsvir Analizi

Apple-ın "Visual Intelligence" (Vizual İntellekt) adlandırdığı yeni texnologiya cihazın ətrafını tanıyaraq istifadəçiyə məlumat verir. Məsələn, bir bağdakı bitkini, küçədəki restoranı və ya kimsənin geyindiyi pencəyi tanıya bilir.

iOS 26 ilə gələcək bu funksiya artıq yalnız kameraya əsaslanmayacaq, eyni zamanda iPhone ekranındakı vizual məlumatları da analiz edə biləcək. Məsələn, sosial şəbəkədə baxdığınız bir postun şəkli əsasında internetdə axtarış apara bilər. Bu zaman Google Search, ChatGPT və digər süni intellekt alətlərindən istifadə olunur. Funksiyanı Control Center-dən və ya Action düyməsi (əvvəllər screenshot üçün istifadə edilən düymə) vasitəsilə aktivləşdirmək mümkündür.

Image Playground və ChatGPT İnteqrasiyası

Apple-ın təsvir generasiya aləti olan Image Playground-a artıq ChatGPT inteqrasiya olunub. Bu imkan istifadəçilərə “anime”, “yağlı boya” və “akvarel” kimi müxtəlif üslublarda şəkillər yaratmağa şərait yaradır. Eyni zamanda istifadəçi tərəfindən daxil edilən promptlara əsasən əlavə şəkillər yaratmaq mümkündür.

Workout Buddy – Rəqəmsal İdman Təlimçisi

Yeni Workout Buddy funksiyası fiziki məşqlər zamanı istifadəçiyə motivasiya verən bir süni intellekt modelidir. İdman zamanı səsli şəkildə ən sürətli milin tamamlanması, orta nəbz və digər mühüm anlar barədə məlumat verir. İdmandan sonra isə məşqin ümumi xülasəsini təqdim edir.

Canlı Tərcümə – Mesajlar və Zənglər üçün

Apple Intelligence ilə gücləndirilmiş bu funksiya artıq FaceTime, telefon zəngləri və Mesajlar tətbiqində canlı tərcüməni dəstəkləyir. Məsələn, FaceTime zamanı ekranda canlı altyazılar göstərilir, adi telefon zənglərində isə qarşı tərəfin danışığı real vaxtda səslə tərcümə olunur.

Naməlum Zənglərə Süni İntellekt Cavabı

Yeni təqdim edilən iki zəng funksiyası da diqqət çəkir:

  • Call Screening – Naməlum nömrələrə cavab verərək zəng edən şəxsin adını və zəng səbəbini səsləndirir.
  • Hold Assist – Müştəri xidmətinə zəng zamanı musiqi səsi aşkarlandıqda, süni intellekt sizi xəttdə saxlayaraq digər işləri görməyə imkan verir. Canlı operator xəttə qoşulduqda sizə bildiriş göndərilir.

Poll Təklifləri – Qrup Mesajlarında Asan Seçim

Mesajlar tətbiqindəki yeni süni intellekt funksiyası, söhbətin kontekstinə uyğun sorğular yaratmağı təklif edir. Məsələn, bir qrupda harada yemək yemək məsələsi müzakirə olunursa, Apple Intelligence avtomatik olaraq səsvermə başlatmağı tövsiyə edə bilər.

Süni İntellektlə Gücləndirilmiş Qısayollar

Shortcuts tətbiqi artıq süni intellekt imkanlarını daha da genişləndirəcək. İstifadəçilər yeni qısayol yaradarkən süni intellekt modelini seçə bilər və məsələn, mətnlərin xülasəsini almaq kimi xüsusiyyətlərdən faydalana bilərlər.

Spotlight ilə Kontekstual Axtarış

Mac cihazlarında istifadə olunan Spotlight funksiyası indi daha kontekstual təkliflər təqdim edəcək. Apple Intelligence bu funksiyanı istifadəçinin fəaliyyəti və kontekstinə əsasən fərdiləşdirəcək.

Foundation Models – Developerlər üçün Yeni İmkanlar

Apple artıq öz süni intellekt modellərini developer-lərin oflayn şəkildə istifadəsinə təqdim edir. Yeni təqdim olunan Foundation Models çərçivəsi vasitəsilə üçüncü tərəf tətbiqlərinə süni intellekt funksiyalarını daxil etmək mümkün olacaq. Bu addım Apple-ın süni intellekt bazarında digər şirkətlərlə rəqabətini gücləndirməyə xidmət edir.

Siri-də Gözlənilən Yeniliklər Təxirə Salındı

Bəlkə də təqdimatın ən böyük məyusluğu Siri ilə bağlı oldu. Apple-ın daha güclü, süni intellektlə təchiz olunmuş Siri versiyasının təqdim ediləcəyi gözlənilsə də, şirkətin proqram təminatı rəhbəri Craig Federighi bu yeniliklərin hələ hazır olmadığını və gələn ilə qədər əlavə məlumatın paylaşılmayacağını bildirdi. Bu gecikmə Apple-ın səsli köməkçi bazarındakı strategiyasına dair suallar doğura bilər.

Apple bu il süni intellektə daha balanslı yanaşaraq mövcud funksiyalara təkmilləşdirmələr gətirib. Siri kimi gözlənilən böyük yeniliklər təxirə salınsa da, Visual Intelligence, Workout Buddy və canlı tərcümə kimi xüsusiyyətlər istifadəçilərin gündəlik həyatında süni intellektin rolunu artıracaq. Apple Intelligence tədricən həyatımıza daha çox inteqrasiya olunur və bu, gələcək üçün maraqlı imkanların siqnalını verir.

© copyright 2022 | tech.az | info@tech.az