Az | EN

Azərbaycan Mərkəzi Bankı Unicapital-ın virtual valyuta platformasını təsdiqləyib

Nigar Sultanli
12 Avqust 2025 16:07
74 baxış
Azərbaycan Mərkəzi Bankı Unicapital-ın virtual valyuta platformasını təsdiqləyib

Unicapital İnvestisiya Şirkəti tərəfindən təqdim olunan "Kriptobroker platforması" Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejiminin ilk sınaq müddətini müvəffəqiyyətlə tamamlayıb. Bu innovativ məhsul virtual aktivlərin alışı, satışı və saxlanılması üçün hazırlanmış yeni maliyyə həllidir.

Sınaq müddəti 2024-cü ilin 9 dekabrından 2025-ci ilin 9 iyununa qədər davam edib. Bu dövrdə məhdud sayda istifadəçi qrupuna virtual maliyyə aktivlərinin asan və təhlükəsiz alqı-satqısı, maliyyə aktivlərinin saxlanılması və canlı qiymət izləmə funksiyaları təklif edilib. Platforma yalnız lisenziyalaşdırılmış və tənzimlənən xidmət təminatçıları ilə əməkdaşlıq edərək yüksək təhlükəsizlik standartlarını təmin edib.

Mərkəzi Bank sınaq mərhələsinin nəticələrini müsbət qiymətləndirərək platformanın sınaq müddətini əlavə 6 ay müddətinə uzadıb. Bu, Unicapital-ın innovativ texnologiyalara və yeni maliyyə məhsullarının inkişafına verdiyi töhfənin bir göstəricisidir.

Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olan Unicapital İnvestisiya Şirkəti müştərilərinə kapital bazarlarında müasir, təhlükəsiz və rahat həllər təqdim etməyə davam edir. Şirkət bu cür layihələrlə ölkədə investisiya sahəsinin güclənməsinə dəstək verir.

© copyright 2022 | tech.az | info@tech.az