xAI şirkəti “Apple”ı rəqabət qaydalarını pozmaqda ittiham edərək korporasiyaya qarşı məhkəmə iddiası hazırlayır. Maskın sözlərinə görə, App Store süni intellekt şirkətlərinin tətbiqlərini “OpenAI” istisna olmaqla reytinqlərin üst sıralarına buraxmır.
O, sosial şəbəkə X və xAI tərəfindən yaradılmış Grok çat-botunun “lazımi” tətbiqlər siyahısına daxil edilmədiyini, amma rəqib məhsulların üstünlük qazandığını bildirib. “Apple”a müraciət edərək Mask soruşub: “Siz siyasət oynayırsınız? Nə baş verir? İnsanlar bunu bilmək istəyir.”
“OpenAI” rəhbəri Sem Altman isə cavabında Maskın X platformasını şəxsi maraqları üçün istifadə edə biləcəyini vurğulayıb və öz komandalarının əsas diqqətinin “yüksək keyfiyyətli məhsullar yaratmaq” olduğunu bildirib.
CNN-in məlumatına görə, hazırda Grok ABŞ App Store-da “Ən yaxşı pulsuz tətbiqlər” kateqoriyasında 6-cı yerdədir, ChatGPT isə birincidir. “Apple” və “OpenAI” arasında sıx əməkdaşlıq mövcuddur: avqust ayında “OpenAI” GPT-5 modelini təqdim edib və bu model payızda Apple Intelligence sisteminə, iOS 26 ilə birgə, inteqrasiya ediləcək.
Maskın “OpenAI” ilə qarşıdurması illərdir davam edir. O, 2018-ci ildə şirkətin idarə heyətindən ayrılıb, 2024-cü ildə isə “OpenAI” və şəxsən Sem Altman əleyhinə məhkəmə iddiası qaldıraraq, onları ilkin missiyadan uzaqlaşmaqda və təşkilatı Microsoft-un qapalı törəmə şirkətinə çevirməkdə günahlandırıb.