Az | EN

Azərbaycanda domen adlarının idarəçiliyinin təkmilləşdirilməsi üzrə plan hazırlanacaq

Nigar Sultanli
11 Dekabr 2025 13:16
49 baxış
Azərbaycanda domen adlarının idarəçiliyinin təkmilləşdirilməsi üzrə plan hazırlanacaq

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet idarəçiliyində mühüm rol oynayan ICANN (Təyin olunmuş Adlar və Nömrələr üzrə İnternet Korporasiyası) ilə əlaqələri dərinləşdirir. Bu çərçivədə İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov və ICANN-ın vitse-prezidenti Kris Mondini arasında görüş keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu görüş Bakıda baş tutan Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı zamanı başladılan müzakirələrin məntiqi davamıdır. Tərəflər Azərbaycanın milli domen adları sisteminin təkmilləşdirilməsi, DNS infrastrukturunun dayanıqlığının təmin edilməsi və daha təhlükəsiz internet mühitinin yaradılması yollarını müzakirə ediblər. Xüsusilə, Azərbaycanın qlobal internet idarəçiliyi proseslərinə daha fəal qoşulması və beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinin vacibliyi vurğulanıb.

Görüşdə praktiki əməkdaşlıq məsələlərinə də toxunulub. ICANN tərəfindən İKTA əməkdaşları və yerli mütəxəssislər üçün texniki təlimlərin, seminarların təşkili, eləcə də qanunvericilik bazasının təkmilləşdirilməsində ekspert dəstəyinin göstərilməsi imkanları nəzərdən keçirilib. ICANN rəsmiləri Azərbaycanın regionda rəqəmsal inkişafa verdiyi töhfəni yüksək qiymətləndirərək bu istiqamətdə dəstək verməyə hazır olduqlarını bildiriblər.

İKTA sədri Nail Mərdanov Agentliyin fəaliyyətə başladığı dövrdən etibarən sahə üzrə monitorinqlər apardığını diqqətə çatdırıb. O, domen adları sistemində mövcud olan boşluqlar, qanunvericiliyə uyğunsuzluqlar və həm dövlət qurumlarının, həm də cəmiyyətin bu sahədəki narahatlıqları barədə məlumat verib. Qeyd olunub ki, şəffaflığın və dayanıqlığın təmin edilməsi üçün ICANN ilə sıx əməkdaşlıq zəruridir.

Yekunda tərəflər əməkdaşlığı rəsmiləşdirmək üçün razılığa gəliblər. Yaxın aylarda Azərbaycanda domen idarəçiliyinin inkişafına dair birgə Yol Xəritəsinin hazırlanması və texniki sessiyaların keçirilməsi qərara alınıb.

© copyright 2022 | tech.az | info@tech.az