Özbəkistan hökuməti nağd ödənişlərin dövriyyəsini kəskin şəkildə azaltmaq üçün qəti addımlar atır. Prezident Şavkat Mirziyoyevin imzaladığı və 2026-cı ilin 1 aprelindən qüvvəyə minəcək yeni fərmana əsasən, bir sıra mal və xidmətlər üçün nağd ödəniş etmək qadağan olunacaq.
Qərara görə, spirtli içkilər, tütün məmulatları, eləcə də kommunal xidmətlər — elektrik, qaz, su və yanacaq doldurma məntəqələrindəki ödənişlər yalnız nağdsız formada həyata keçiriləcək. Dövlət orqanlarının xidmətləri üçün ödənişlər də bu siyahıya daxildir.
Məhdudiyyətlər bununla bitmir. Daşınmaz əmlakın və yaşı 10 ildən az olan avtomobillərin alqı-satqısı da tamamilə nağdsız sistemə keçirilir. Bundan əlavə, qiyməti 25 milyon sumdan (cari məzənnə ilə təxminən 3400 AZN) yuxarı olan istənilən mal və xidmət üçün nağd pul qəbul edilməyəcək.
Bu islahatların əsas məqsədi ölkədəki "kölgə iqtisadiyyatı"nın həcmini kiçiltməkdir. Hökumət 2030-cu ilə qədər ticarət və xidmət sektorunda nağdsız ödənişlərin payını 75%-ə çatdırmağı hədəfləyir.
