Az | EN

Mərkəzi Bank qumar oyunlarına görə “Paysis”in bütün ödəniş əməliyyatlarını dayandırıb

Nigar Sultanli
11 Dekabr 2025 12:57
60 baxış
Mərkəzi Bank qumar oyunlarına görə “Paysis”in bütün ödəniş əməliyyatlarını dayandırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) "Paysis" MMC-nin fəaliyyətinə ciddi məhdudiyyətlər tətbiq edib. Tənzimləyici qurumun qərarına əsasən, şirkət lisenziyası daxilində həyata keçirdiyi bütün ödəniş xidmətlərini müvəqqəti olaraq dayandırmalıdır. Bu qadağadan yeganə istisna kimi, vətəndaşların vəsaitlərinin geri qaytarılması əməliyyatlarına icazə verilib.

Bu sərt tədbirin görülməsinə səbəb hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatına görə, "Paysis" MMC və onun rəhbərliyi internet resursları vasitəsilə qanunsuz qumar oyunlarının təşkilində və digər qanunazidd əməllərdə ittiham olunur. Artıq toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mərkəzi Bank bəyan edib ki, məhkəmənin yekun qərarı qüvvəyə minənə qədər şirkətin fəaliyyəti dondurulmuş vəziyyətdə qalacaq. Bu addım "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 63.1-ci maddəsinə istinadən atılıb.

© copyright 2022 | tech.az | info@tech.az