Rəşad Nəbiyev Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində qlobal investisiya nəhəngi olan "Brookfield Corporation" şirkətinin baş icraçı direktoru Brus Flatt (Bruce Flatt) ilə mühüm görüş keçirib.
Görüşdə əsas diqqət müasir texnologiyaların tətbiqi və infrastrukturun yenilənməsi məsələlərinə yönəldilib. Tərəflər data mərkəzlərinin (Data Centers) yaradılması, süni intellekt texnologiyalarının inkişafı və nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində potensial əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüş zamanı həmçinin Azərbaycanın rəqəmsal transformasiya hədəfləri və regionda nəqliyyat qovşağı kimi artan rolu fonunda "Brookfield" ilə birgə investisiya imkanları nəzərdən keçirilib. Şirkətin qlobal miqyasda idarə etdiyi nəhəng aktivlər və infrastruktur layihələrindəki təcrübəsi nəzərə alınaraq, bu əməkdaşlığın ölkəmizə yeni texnologiyaların və kapitalın cəlb edilməsi baxımından əhəmiyyətli ola biləcəyi vurğulanıb.
