Az | EN

Azərbaycanda ilk kriptovalyutyası "Portcoin" ləğv edilib

Cəmil Hüseynzadə
03 Avqust 2025 15:01
518 baxış
Azərbaycanda ilk kriptovalyutyası "Portcoin" ləğv edilib

Azərbaycanda “Portmanat” brendi ilə tanınan "Mobile Payment Solutions" MMC tərəfindən təqdim olunan Portcoin (PTC) kriptovalyutası rəsmən ləğv edilib.

Portcoin, 2024-cü ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının "Xüsusi Tənzimləmə Rejimi" çərçivəsində təqdim olunmuş və BEP-20 standartlı Binance Smart Chain əsaslı blokçeyn texnologiyası ilə hazırlanmışdı. Kriptovalyuta istifadəçilərə Portmanat tətbiqi vasitəsilə alma, satma və manatla dəyişmə imkanları təklif edirdi.

Şirkətin sosial media üzərindən yaydığı açıqlamaya əsasən, test müddəti başa çatıb və xidmətin davam etdirilməməsi barədə qərar verilib. Məlumatda qeyd edilir ki, istifadəçilərin Portcoin hesablarında olan vəsaitlər, son müəyyən olunmuş məzənnəyə uyğun olaraq AZN ekvivalentində geri ödəniləcək.

Portcoin-in ləğvi ilə bağlı şirkətdən rəsmi səbəb göstərilməyib, lakin ehtimal olunur ki, bu addım Mərkəzi Bankın qərarı ilə atılıb.

Beləliklə, Azərbaycanın ilk rəsmi kriptovalyuta təşəbbüsü olan Portcoin qısa ömürlü oldu. Layihənin ləğvi, ölkədə blokçeyn və rəqəmsal aktivlər sahəsində tənzimləmələrin nə dərəcədə ciddi şəkildə aparıldığını da bir daha göstərir.

© copyright 2022 | tech.az | info@tech.az