Az | EN

Azərbaycanda “LTC Angels Network” investorlar klubu fəaliyyətə başlayır

Cəmil Hüseynzadə
19 İyun 2023 13:24
511 baxış
Azərbaycanda “LTC Angels Network” investorlar klubu fəaliyyətə başlayır

İnvestorları və müxtəlif sektorlar üzrə erkən mərhələ startapları bir araya gətirən “LTC Angels Network” investorlar klubu 16 iyun 2023-cü il tarixindən fəaliyyətə başlayır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə yaradılacaq klub innovativ biznesləri və investisiya etmək hədəfindəki investorları yeni partnyorluqların qurulması üçün ortaq məqsədlər ətrafında birləşdirir.

Klubumuz innovativliyə, peşəkar əməkdaşlıqlara, sürətli inkişafa təkan vermək məqsədi daşıyır. Erkən mərhələlərdə məhsula və ya satışa başlamış, eynilə qlobal bazarları hədəfləyən iddialı, yüksək potensiallı startaplar üçün investisiya imkanları yaradır.

Beləliklə, klubda investorların öz hədəflərinə uyğun olaraq müxtəlif startaplara 5 min ABŞ dolları və 50 min ABŞ dolları məbləğlərinə qədər investisiya etməsi nəzərdə tutulub.

Klubun əsas missiyası ölkəmizin startap ekosisteminin inkişafı və yerli investorların həm yerli həm də qlobal bazarlardakı imkanlardan yararlanması, sürətlə inkişaf edən texnologiyanın əsas sərmayədarlarından, payçılarından birinə çevrilməsidir.

“LTC Angels Network” texnologiya sektorunda fərq yarada biləcək və uğurlu prespektivlərə malik startaplara sərmayə yatırımını həyata keçirməyə maraqlı olan Mələk İnvestorların klubunu formalaşdırır.

İnvestorlar kluba üzv olmaqla startaplar investisiyası üzrə biliklərini inkişaf etdirə, startapların təqdimat günlərində iştirak etməklə bu sahədə investor təcrübələrini, birgə yatırım imkanlarından yararlanmaqla isə sərmayə axınlarını artıra biləcəklər.

Eyni zamanda üzvlər mütəmadi olaraq ölkəmiz və regionda investisiya göstəriciləri, texnoloji trendlər, startaplarla bağlı statistikalar, peşəkar analiz dəstəyi kimi vasitələrlə təmin edilir.

“Mələk İnvestorlar Klubu” həmçinin yeni əməkdaşlıqlar, partnyorluqlar, ortaq investisiyalar imkanları cəhətdən sahibkarlar və investorlar üçün sürətli böyümə fürsətləri yaradır.

Qeyd edək ki, “LTC Angels Network” klubuna üzv olmaq üçün fərdi şəxslər, sahibkarlar, investor olmaq istəyənlər müraciət edə bilərlər. Klubun hər bir üvzü, mütəmadi olaraq davam edən “LTC Qlobal Akselerasiya” və “LTC No-Code İnkubasiya proqramları”nın startaplarına ilk və birbaşa investisiya edə bilmə imkanı, izləmə və böyümə indiqatorlarını analiz etmə imkanı əldə edir.

 “LTC Angels Network” sürətlə dəyişərək inkişaf edən ekosistemin bir parçası olmaq üçün bütün innovativ biznesləri və investorları peşəkar əməkdaşlığa dəvət edir.

Daha ətraflı məlumat üçün sayta daxil ola, Facebook, Instagram və ya Linkedin hesablarına müraciətlərinizi ünvanlaya bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az