Az | EN

Azərbaycanlı təsisçinin startapı 9.5 Milyon dollar investisiya alıb

Cəmil Hüseynzadə
29 Oktyabr 2025 12:37
238 baxış
Azərbaycanlı təsisçinin startapı 9.5 Milyon dollar investisiya alıb

Yeni 9,5 milyon dollarlıq ilkin (Seed) investisiya raundu ilə Polygraf AI müəssisə təhlükəsizliyi üçün növbəti nəsil süni intellekt (Sİ) həllərini inkişaf etdirir. Startapın özünəməxsus Kiçik Dil Modelləri (Small Language Models) şirkətlərə Sİ əsaslı riskləri müəyyənləşdirmək, saxtakarlığın qarşısını almaq və müəssisə məlumatlarının bütövlüyünü qorumaqda kömək edir. Bu investisiya məhsulun genişləndirilməsinə, elmi-tədqiqat və inkişaf (R&D) işlərinə, eləcə də korporativ müdafiə və kəşfiyyat sahələrinə yönəlmiş bazara çıxış strategiyasına təkan verəcək.
DOMiNO Ventures — regionumuzun ən aktiv beynəlxalq vençur kapital fondlarından biri — Azərbaycanlı sahibkar Yaqub Rəhimov tərəfindən təsis edilmiş Polygraf AI startapının 9,5 milyon dollarlıq investisiya raunduna qoşulUB. Bu raundda həmçinin Allegis Capital, Alumni Ventures, DataPower VC və digər beynəlxalq investorlar iştirak ediblər.

Bu maliyyələşmə raundu süni intellekt və kibertəhlükəsizlik sahələrinin kəsişdiyi vacib bir dövrdə baş tutur. Yüksək riskli sahələrdə fəaliyyət göstərən təşkilatlar artıq “qara qutu” tipli bulud əsaslı Sİ həllərindən uzaqlaşaraq yerli, izah edilə bilən və auditə açıq Sİ texnologiyalarına üstünlük verirlər.

Son bir ildə Polygraf AI müdafiə, maliyyə xidmətləri, sığorta və səhiyyə kimi məxfilik və uyğunluğun əsas olduğu sahələrdə sürətli artım nümayiş etdirib. Şirkətin yerli mühitdə yerləşdirilən Sİ modulları dərin saxtakarlıq (deepfake) cəhdlərinin qarşısını almaqda, daxili riskləri aşkarlamaqda və kritik əməliyyatlarda operativ kəşfiyyat təmin etməkdə uğur qazanıb.

Polygraf AI bu yaxınlarda TechCrunch 2025 Battlefield 200 siyahısında “Ən Yaxşı 10 Kibertəhlükəsizlik Startapı” arasında yer alıb. 2025-ci ildə startap həmçinin SXSW-də “Best in Show”, Summerfest Tech-də “Best Insurtech/Fintech”, və Products That Count tərəfindən “Ən Yaxşı Sİ və Məlumat Məhsulu” mükafatlarına layiq görülüb.

Polygraf AI-ın təsisçisi və icraçı direktoru Yaqub Rəhimov bildirib:

“Dünya artıq anlayır ki, iri, buludda təlim keçmiş modellər gözlənilməz risklər yaradır. Polygraf olaraq biz bu riskləri aradan qaldırmaq missiyasını daşıyırıq. Biz sübut edirik ki, həm ağıllı, həm də etibarlı – lokal, izah edilə bilən və güvənilən şəxsi Sİ sistemləri qurmaq mümkündür. Bu investisiya bizə ən kritik əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədimizi daha da gücləndirməyə imkan verəcək.”

DOMiNO Ventures-in idarəedici tərəfdaşı Mustafa Kopuk investisiya barədə fikirlərini bölüşüb:

“Polygraf Sİ təhlükəsizliyi sahəsində fondumuzun strateji yanaşmasını gücləndirən və korporativ məlumatların qorunması standartlarını irəli aparan bir struktura malikdir. Bu investisiyanın Sİ əsaslı təhlükəsizlik həllərinin müəssisələrdə geniş tətbiqinə və sənaye üzrə transformasiyanın sürətlənməsinə töhfə verəcəyinə inanırıq.”

DOMiNO Ventures-in digər idarəedici tərəfdaşı Yağız Karadeniz isə əlavə edib:

“Polygraf-ın texnologiyası süni intellektin yalnız biznes proseslərini deyil, həm də təşkilatların təhlükəsizlik infrastrukturunu dəyişdirdiyi yeni bir dövrün başlanğıcını simvolizə edir. Bu investisiya ilə biz təkcə innovasiyanı dəstəkləmirik, həm də qlobal Sİ təhlükəsizliyi ekosisteminə inteqrasiyamızı gücləndiririk.”

Ətraflı məlumat üçün ziyarət edin: https://polygraf.ai/

DOMiNO Ventures haqqında

DOMiNO Ventures — yüksək texnoloji, rəqəmsal və ilk gündən qlobal potensiala malik startaplara yönəlmiş beynəlxalq vençur kapital fondudur. Fondun əsas hədəfi Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz bölgəsindən çıxan istedadlı təsisçiləri dəstəkləməkdir.

DOMiNO Ventures Amsterdam, İstanbul, London, Tallin, Varşava, Astana, Daşkənd, Tbilisi və Bakı şəhərlərində fəaliyyət göstərir.

Fond süni intellekt (Sİ), DeepTech, CleanTech, HealthTech, FinTech, HRTech, EdTech, GameTech, Kibertəhlükəsizlik və Life Sciences kimi sahələrdə müasir dünyanın problemlərinə innovativ həllər təqdim edən startaplara investisiya edir — məqsəd “Daha Yaxşı Gələcək üçün DOMiNO Effekti” yaratmaqdır.

© copyright 2022 | tech.az | info@tech.az