2024-cü ildə Vaqif Kazımlı tərəfindən təsis edilən AIdMD Technologies startapı son dövrdə bir neçə mühüm uğura imza atıb. Startap Üçüncü İllik USTAAR Pitch müsabiqəsində qalib gələrək 100 min dollar həcmində SAFE investisiya əldə edib. Bununla yanaşı, 2026-cı ilin yaz dövrü üçün MIT Sandbox Innovation Fund proqramına seçilərək əlavə maliyyə dəstəyi qazanıb.
Startapın həmtəsisçilərindən biri də azərbaycanlı Yusif Qurbanlıdır və o, komandanın əsas üzvlərindən biridir. Yusif Qurbanlı ABŞ-da yerləşən University of Miami-də müəllim (lecturer) kimi fəaliyyət göstərir. Digər həmtəsisçi Vaqif Kazımlı da həmin universitetdə tədqiqatçı köməkçi (Research Assistant) kimi çalışır. Ümumilikdə, startapın komandası güclü akademik və peşəkar “background”a malik mütəxəssislərdən formalaşıb.
AIdMD Technologies süni intellekt əsaslı klinik iş axını platforması üzərində çalışır. Bu platforma həkimlər üçün inzibati prosesləri avtomatlaşdırır, pasiyent məlumatlarını analiz edir və mövcud elektron tibbi sistemlərlə inteqrasiya olunaraq iş yükünü azaldır. Məqsəd həkimlərin daha çox vaxtını müalicəyə ayırmasına imkan yaratmaqdır.
Startap məhsul-bazar uyğunluğunu gücləndirmək üçün 250-dən çox həkimlə müsahibələr aparıb və müxtəlif mentorluq proqramlarında iştirak edib. Əldə olunan investisiya və maliyyə dəstəyi texnologiyanın inkişafına və beynəlxalq bazara çıxışa yönəldiləcək.
