Uber və WeRide Dubayda sürücüsüz robotaksi xidmətini istifadəyə verib. Xidmət artıq birbaşa Uber tətbiqi üzərindən əlçatandır və əvvəlki mərhələdən fərqli olaraq avtomobillərdə təhlükəsizlik operatoru yer almır. Bu addım Dubay Yollar və Nəqliyyat İdarəsinin sınaq icazəsindən sonra mümkün olub.
Layihənin yerli əməliyyatlarını Tawasul şirkəti həyata keçirir. Robotaksilər Dubay Silicon Oasis, Dubai Investment Park Second, Jabal Ali Industrial First və Al Hamriya Port ərazilərində fəaliyyət göstərir.
Qeyd edək ki, tərəflər dekabr ayında pilot mərhələyə başlamış, həmin vaxt sərnişinlər üçün pulsuz səfərlər və təhlükəsizlik sürücüsü tətbiq olunmuşdu.
Məlumata görə, Uber WeRide şirkətinin səhmlərinin 5,82 faizinə sahibdir və ötən il şirkətə 100 milyon dollar investisiya yatırıb. Tərəfdaşlıq çərçivəsində növbəti beş il ərzində daha 15 şəhərdə xidmətin genişləndirilməsi planlaşdırılır.
