Beynəlxalq startap sürətləndirici və investisiya fondu Rockstart, kənd təsərrüfatı texnologiyaları üzrə ixtisaslaşan Agcurate (Niderland) startapına AgriFood Fund II vasitəsilə investisiya qoyub.
Agcurate aqrobiznes və aqro-maliyyə şirkətlərinə məlumat əsaslı idarəetmə imkanı təqdim edir. Şirkətin həlləri fermerlərə və aqroşirkətlərə xərcləri azaltmaq, su və enerji sərfiyyatını optimallaşdırmaq, məhsuldarlığı artırmaq, həmçinin təchizat zəncirində şəffaflığı və dayanıqlılığı gücləndirmək imkanı verir.
Startap bu imkanları FieldOps adlı SaaS platforması ilə təmin edir. Platforma peyk təsvirlərini və xüsusi maşın öyrənməsi alqoritmlərini birləşdirərək bitkilərin inkişaf mərhələlərini izləyir, suvarma ehtiyaclarını müəyyənləşdirir, zərərverici risklərini proqnozlaşdırır və məhsuldarlıqla bağlı dəqiq nəticələr təqdim edir.
Məlumat üçün qeyd edək ki, 2025-ci ilin ikinci rübündə dəqiq kənd təsərrüfatı texnologiyalarına yatırılan sərmayələrin həcmi ilk dəfə 2017-ci ildən bəri aqrobiotexnologiyaları geridə qoyub (PitchBook məlumatına görə).
Agcurate 2020-ci ildə azərbaycanlı sahibkar Mətin Əmənullahi və həmkarı Berk Ülker tərəfindən təsis olunub. Startap daha əvvəl Azərbaycandan fəaliyyət göstərən Caucasus Ventures fondundan da investisiya cəlb edib.