Böyük Britaniyada ev alqı-satqısı prosesinin müxtəlif mərhələlərini birləşdirən fintex və daşınmaz əmlak platforması “OneDome” dövlətə məxsus televiziya kanalı Channel 4-dən 7,5 milyon funt sterlinq (10 milyon dollar) investisiya alıb. Bu, Channel 4-ün media qarşılığında pay (media-for-equity) proqramı çərçivəsində həyata keçirilən sonuncu investisiyadır.
“OneDome” tərəfindən təqdim edilən HomeBuyer xidməti ev alanlara ipoteka məsləhəti, hüquqi sənədləşmə və əməliyyatın idarə olunması kimi mərhələləri ilə bağlı xidmət təklif edir.
Şirkət bu ilin əvvəlində Goldman Sachs kimi nüfuzlu investorların dəstəklədiyi onlayn ipoteka platforması “Trussle” startapını satın almışdı.
“OneDome” növbəti beş il ərzində Böyük Britaniyada bütün ev alqı-satqısı əməliyyatlarının 10 faizində iştirak etməyi qarşısına məqsəd qoyub.
“Trussle”nin alınmasından sonra şirkət artıq illik 5 milyard funt sterlinqə yaxın ipoteka kreditinin verilməsinə vasitəçilik edir və hər ay minlərlə daşınmaz əmlak əməliyyatını həyata keçirir.
Müqaviləyə əsasən, Channel 4 Ventures ilkin mərhələdə “OneDome”a 5 milyon funt dəyərində media resursu təqdim edəcək. Daha 2,5 milyon funt isə müəyyən biznes nəticələrinə nail olunduqdan sonra əlavə investisiya kimi yatırılacaq.
Tərəflərin planına görə, bu əməkdaşlıq çərçivəsində 2026-cı ildə HomeBuyer xidmətini tanıtmaq üçün genişmiqyaslı reklam kampaniyası başlanacaq.
“OneDome” startapı artıq mənfəətli fəaliyyət göstərdiyini (profit) bildirir və 2026-cı ilin sonunadək gəlirlərini üç dəfə artırmağı planlaşdırır.
Startapın təsisçisi və baş icraçı direktoru, azərbaycanlı Babək İsmayıldır O mediaya açıqlamasında deyib:
“Evin alınması prosesi hazırda çox mürəkkəb və stresslidir. İnsanlar işdən sonra müxtəlif xidmət təminatçıları ilə əlaqə saxlamaq məcburiyyətində qalırlar. Biz isə alıcılara bütün bu mərhələləri birləşdirən, sabit qiymətə təqdim olunan vahid xidmət paketi təklif edirik.”
Channel 4 Ventures-in rəhbəri Vinay Solanki isə bildirib ki, bu əməkdaşlıq televiziyanın güclü reklam imkanlarını investisiya təcrübəsi ilə birləşdirərək şirkətlərə əlavə dəyər qazandırır:
“OneDome ev alqı-satqısı kimi çətin və mühüm bir prosesi daha sadə, şəffaf və sürətli etməyə çalışır. Şirkət artıq Böyük Britaniyada ən sürətlə böyüyən startaplardan biridir və biz onun bu sahədə dönüş yarada biləcəyinə inanırıq.”
“OneDome” bu investisiyanı ilin sonunadək açıqlanacaq daha geniş maliyyələşdirmə raundunun bir hissəsi olduğunu bildirib.