Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı ilk dəfə olaraq Bakıda keçiriləcək. Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri hesab olunan müsabiqənin finalı “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının və “Azərkosmos” Agentliyinin birgə əməkdaşlığı və dəstəyi ilə baş tutacaq.
31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək ICPC üzrə dünya finalında ölkəmizi ADA Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları təmsil edəcəklər.
Müsabiqədə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları iştirak edəcək. Ümumilikdə, ICPC-nin rəsmi mərhələlərində hər il 110-dan çox ölkədən, 3500-yə yaxın universiteti təmsil edən 50000-dən çox ən güclü tələbə-proqramçı iştirak edir. Dünya finalında isə 50-dən artıq müxtəlif ölkədən 140-a yaxın ali təhsil müəssisəsini təmsil edən komandalar (hər komandada 3 tələbə) iştirak edəcək.
Müsabiqənin dünya finalında Avrasiya regionundan 18 komanda iştirak edəcək.