"Birmarket"in baş icraçı direktoru Rauf Qulaməliyev şirkətin 2025-ci ilin üçüncü rübü üzrə illik artım dinamikasını əks etdirən göstəriciləri paylaşıb. CEO platformanın təchizat likvidliyinin son 9 ayda 15 dəfə artdığını və bu nəticənin dəqiq qurulmuş biznes strategiyasına əsaslandığını bildirib.
Şirkətin açıqladığı rəsmi statistikaya əsasən, ötən illə müqayisədə platformada ümumi alış sayı 78%, aktiv alıcıların sayı isə 40% artıb. Ən ciddi artım isə tərəfdaş şəbəkəsində qeydə alınıb: satıcıların (merchants) sayı 107% çoxalıb, onların platformaya qoşulma prosesi isə 11 gün sürətlənib. Bu optimallaşdırma nəticəsində platformaya əlavə edilən yeni məhsul çeşidinin (SKU) həcmi 144% artıb.
Rauf Qulaməliyev uğurun əsasını üç amillə əlaqələndirib: təchizat zəncirinin genişləndirilməsi, trafikin artırılması ilə tələbin formalaşdırılması və hər iki tərəfi birləşdirən çevik əməliyyat sisteminin qurulması. Nəticədə "Gözəllik" (+129% alış), "FMCG" (+140% alış) və "Ev, Avto, İdman" (+88% alış) kimi strateji kateqoriyalarda əhəmiyyətli böyümə müşahidə olunub.
Şirkətin əsas hədəfi kateqoriya dərinliyini artırmaqla müştəri sadiqliyini təmin etmək və istehlakçıların platformadan istifadə tezliyini maksimallaşdırmaqdır.
