Architect startapı, yeni istifadəyə verdiyi AX birjasının fəaliyyətini genişləndirmək üçün 35 milyon dollar vəsait cəlb edib. İnvestisiya raunduna Miami International Holdings və Tioga Capital rəhbərlik edib. Prosesdə həmçinin Coinbase Ventures, Galaxy Ventures və ARK Invest kimi maliyyə qurumları iştirak edib.
Çikaqo mərkəzli Architect tərəfindən yaradılan AX birjası Bermud adalarında rəsmi lisenziya əsasında fəaliyyət göstərir. Bu platforma iri fondlar və peşəkar maliyyə institutlarına valyutalar, səhmlər, indekslər və müxtəlif metallar üzərində müddətsiz fyuçers müqavilələri ilə ticarət etmək imkanı yaradır. Startap indiyə qədər keçirdiyi maliyyələşmə mərhələləri ilə ümumilikdə 50 milyon dollardan çox kapital toplayıb.
Hazırda AX xidmətləri yalnız peşəkar investorlar üçün əlçatandır, fərdi treyderlər isə hələlik gözləmə siyahısına qoşula bilərlər. Startap həm ənənəvi valyutalar, həm də stabilkoinlərlə ticarət aparmağa şərait yaradaraq klassik maliyyə bazarları ilə rəqəmsal aktivlər dünyasını birləşdirir. Ekspertlərin fikrincə, platformanın gələcək uğuru iri maliyyə institutlarının bu yeni birjanın tənzimlənmə qaydalarına və texniki infrastrukturuna olan etibarından asılı olacaq.
