Bolt Azərbaycanda yeni ambulans sifarişi xidmətini istifadəyə verməyə hazırlaşır. Bu barədə şirkətin Azərbaycan üzrə baş meneceri İlkin Zeynallı jurnalistlərlə keçirilən görüşündə Tech.az Mediaya məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Bolt üçün yeni məhsul və xidmətlərin sınaqdan keçirilməsi baxımından ən əlverişli bazarlardan biridir. Bu səbəbdən şirkətin bir çox yenilikləri əvvəlcə Azərbaycanda test edilir, daha sonra isə qlobal miqyasda digər ölkələrdə istifadəyə verilir.
İlkin Zeynallı buna nümunə kimi hazırda Azərbaycanda fəaliyyət göstərən Bolt Guardian təhlükəsizlik funksiyasını göstərib. O bildirib ki, bu xidmət də ilk olaraq Azərbaycanda sınaqdan keçirilib və daha sonra digər ölkələrdə tətbiq olunub.
Yeni Bolt Ambulans xidməti ilk mərhələdə özəl xəstəxanalarla əməkdaşlıq çərçivəsində istifadəyə veriləcək. Xidmət sayəsində istifadəçilər tətbiq vasitəsilə yaxınlıqdakı ambulansı sifariş edə, onun real vaxt rejimində harada olduğunu izləyə və hadisə yerinə çatma müddətini görə biləcəklər.
Şirkət hələlik xidmətin istifadəyə veriləcəyi tarix və əməkdaşlıq ediləcək tibb müəssisələrinin siyahısı ilə bağlı əlavə məlumat paylaşmayıb.
Xəbərdən istifadə edərkən istinad vermək zəruridir.
